Belçikanın "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunlar barədə danışıb.
Fanat.Az xəbər verir ki, 58 yaşlı mütəxəssisin yerli mətbuata açıqlaması belə olub:
"İtaliya "Latsio"su istisna olmaqla, digər 7 mümkün rəqibin hamısı eyni səviyyəli komandalar idi. Rəqibin kimliyi heç vaxt mənim üçün xüsusi önəm daşımır. Çünki bu mərhələdə zəif komanda yoxdur.
"Qarabağ" 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Bu mövsüm isə Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırıblar. Bu, onların gücündən xəbər verir".
Vanhazebruk Bakıya uzun səfərin onları narahat etmədiyini bildirib: "Əvvəllər də belə səyahətlərimiz olub. Məsələn, bu, Kiprə səfərimizdən bir saat uzun çəkəcək. Biz öz səyahət cədvəlimizə mükəmməl şəkildə uyğunlaşa bilərik".
Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.