Futbolun İnkişaf Fondu və “Turan Tovuz” futbol klubu Azərbaycanın həssas və risk altında olan bölgələrində mina və partlamamış hərbi sursatların təhlükəsi mövzusuna insanların diqqətini çəkmək və risk zonasında yaşayan əhalini maarifləndirmək üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin Uşaq Fondu (UNICEF), Beynəlxalq Qızıl Xaç Komitəsininin Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqının humanitar yardımının maliyyə dəstəyi ilə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Ayı” layihəsinə başlayır.
Fanat.Az Tovuz kubunun rəsmi "Facebook" səhifəsinə istinadənxəbər verir ki, layihə 9 noyabr tarixində baş tutacaq “Turan Tovuz”-“Qarabağ” qarşılaşmasında mina partlayışından zərər çəkmiş Tovuzun Əlibəyli kənd sakini 18 yaşlı Elgün Hüseynovun topa ilk zərbəni vurması ilə başlayaraq, ilin sonunadək davam edəcək.
Layihə çərçivəsində bu sahənin mütəxəssislərinin və “Turan Tovuz”un futbolçularının iştirakı ilə Tovuz rayonunda, xüsusilə risk altında olan kəndlərdə yaşayan insanlarla maarifləndirmə işləri aparılacaq. Bununla yanaşı, təlimlərdən sonra futbol oyunları, layihənin yekununda isə futbol festivalı təşkil olunacaq.
Qeyd edək ki, ölkəmizdə mina və müharibənin partlayıcı qalıqlarının təhlükəsi hələ də qalmaqdadır. 2020-ci ilin noyabr ayından 2022-ci ilin 2 noyabr tarixinədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib. Onlardan 45 nəfər həlak olub, 221 nəfər xəsarət alıb. Xəsarət alanlardan 9 nəfəri isə uşaqdır.