Misli Premyer Liqasının XIV turunda “Sumqayıt” səfərdə “Şamaxı”ya 2:4 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, qonaqların məşqçisi Mübariz Orucov matçdan sonra keçirilən mətbuat konfransıdan görüşü dəyərləndirib:
“Danışılası çox söz yoxdur. Bu gün çox zəif təsir bağışladıq. Rəqib layiqli qələbə qazandı. Bu münasibətlə onları təbrik edirəm. Artıq növbəti oyunlar barədə düşünməliyik. Azarkeşlərin narazılığını anlayıram. Biz özümüz də qələbə arzusundayıq. Şamaxıya da 3 xal üçün gəlmişdik. Lakin təəssüf ki, alınmadı. Biz də əlimizdən gələni edirik, komandanı hazırlayırıq. Çalışırıq ki, bu vəziyyətdən çıxaq.
“Şamaxı” heç də zəif komanda deyil. Təcrübəlilərlə gənclərin vəhdətindən yaxşı komanda formalaşıb. Burada əksər kollektivlər çətinliklə üzləşirlər. Ötən tur “Şamaxı” Tovuzda da 3 xal qazanmışdı. Biz isə “Neftçi” ilə oyunda daha istəkli idik. Amma bu gün rəqib bizdən daha istəkli təsir bağışladı. Bəhanə gətirmək istəməzdim. Lakin heyətdə müəyyən itkilərimiz var idi. Bu da oyunumuza təsir göstərir. Qollarda fərdi səhvlər görünür. Bu yöndə işləyəcəyik. Çalışacağıq ki, səhvləri aradan qaldıraq. Həm müdafiədə, həm də hücumda problemlərimiz var. Problemin məşqçilikdə olduğunu deməzdim. Pasport önəm daşımır. Əsas futbolçunun xarakteridir. Futbolçu əcnəbidirsə, o demək deyil ki, “Şamaxı”nın yerli futbolçularından üstündür".