Misli Premyer Liqasının XV turunda "Kəpəz" səfərdə "Şamaxı"nın qonağı olub.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov 1:1 hesablı heç-heçəni dəyərləndirib:
"Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi. Çalışırdıq ki, məsələni birinci hissədə həll edək. İlk yarıda daha rahat futbol oynadıq. Qol epizodlarımız da vardı. Amma bundan istifadə edə bilmədik. Fasilədən sonra da bir neçə epizodda fərqlənə bilərdik.
Bəlkə məğlub da ola bilərdik. Biz meydanda dayananda rəqibin də qol epizodları oldu. Əlimizdə olan futbolçulardan maksimum şəkildə istifadə etdik. Zədəlilərimiz hələ yeni qayıdıb. Buna görə tam heyətlə meydana çıxa bilmirik. Dəyişiklik etməyə çətinlik çəkirik. Hardasa komandamın oyunu məni 70 dəqiqə məmnun etdi. Hücumda çoxlu qol epizodları yaratdıq. Səfərdə bir xal qazandığımız üçün futbolçulara təşəkkür edirəm. Meydanda mübarizə apardılar. Bu çətin məqamda bacardığımız qədər çalışırıq ki, həm də baxımlı futbol oynayıb xallarımızı qazanaq".