"Şəki"nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının yarımfinalında "Sabah"a uduzduqları cavab qarşılaşmasını şərh edib.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis Şəki Olimpiya İdman Kompleksində keçirilən görüş barədə klubun mətbuat xidmətinə danışıb:
"Mövsümün gətirdiyi yorğunluq səbəbindən enerjimiz azalmışdı. Yenə də uşaqlar əllərindən gələni etdilər. İlk hissədə rəqibə qarşılıq verə bilmədik. Ondan sonra da matçda onlara çatmağımız mümkünsüz oldu".
Türkiyəli mütəxəssis mövsümü dəyərləndirib:
"Mövsümün ən yaxşı performans göstərən komandası olduq. Finala çıxa bilməsək də, çempionatı 3-cü sırada bitirdik. Bu, bildiyim qədər Şəki şəhərinin idman tarixində ən yaxşı nəticəsidir. Şəki şəhərinə bizdən hədiyyə olsun. Düşünürəm ki, Şəkinin idman mədəniyyətinin inkişafı üçün bu bir addım oldu. Ümidvaram ki, bu uğurdan sonra Şəkidə basketbola maraq artar, məşqçilər daha yaxşı oyunçular yetişdirər, valideynlər uşaqlarını idmana yazdırar. Şəki kiçik şəhər olsa da, burada böyük ürəklərlə oynadıq. Bütün oyunçularımı ürəkdən təbrik edirəm. Mövsüm boyunca bizim yanımızda olan azarkeşlərə də təşəkkürümü çatdırıram".
Qeyd edək ki, "Sabah" yarımfinal mərhələsinin ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi - 86:73.