Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 3-cü yer uğrunda görüşdə gürcüstanlı Lukum Çxvimiani ilə üz-üzə gəlib.
Yusifov dünya çempionu olmuş təcrübəli rəqibinə qalib gələrək, fəxri kürsüyə qalxıb.
Xatırladaq ki, ilk gündə “Böyük Dəbilqə”də çıxış edən Azərbaycan yığmasının digər üzvləri Rövşən Əliyev (60 kq), Kamran Süleymanov və Ruslan Paşayev (hər ikisi 66 kq) medal qazana bilməyiblər. Komandamızın daha 2 üzvü - Nəriman Mirzəyevlə Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) mübarizəyə sabah qoşulacaq.