Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 3 üzvü tatamiyə çıxacaq.
Mundialın üçüncü günündə kişilərdən olimpiya, dünya, Avropa çempionu Hidayət Heydərov, eləcə də Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), qadınlardan isə Fidan Əlizadə (57) 1/16 final mərhələsindən mübarizəyə qoşulacaqlar.
Fidan Serbiya idmançısı Mariya Perişiçlə qarşılaşacaq. Hidayət Otari Kvantidze (Portuqaliya ) ilə üz-üzə gələcək. Rəşid Məmmədəliyev isə Kazbek Naquçev (BƏƏ) / Covanni Espozito (İtaliya) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız ilk iki gündə medal əldə etməyiblər.