Azərbaycanın cüdo üzrə paralimpiya komandasının Tokio-2020-də iştirak edəcək üzvlərinin adı açıqlanıb.
Məlum olub ki, ölkəmiz sayca 16-cı Paralimpiadada 11 cüdoçu(6 kişi, 5 qadın) ilə təmsil olunacaq. Lakin qadınların 70 kiloqram çəki dərəcəsində lisenziya normasını yerinə yetirmiş Zülfiyyə Hüseynovanın adının həmin siyahıda yer almaması maraq doğururdu.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Fanat.az-ın qeyd olunan məsələ ilə bağlı sualına cavabında bildirib ki, səbəb təcrübəli cüdoçumuzun ağır zədə almasıdır: "Tokioya getmək şansı hələ də var. Lakin bu, çox cüzi ehtimaldır. Cüdoda da lisenziya birbaşa ölkəyə yox, idmançının özünə verildiyindən, 70 kiloqram çəki dərəcəsində təmsil olunmayacağıq".
Qeyd edək ki, sambo və veteran cüdoçular arasında dəfələrlə dünya, Avropa çempionu olan Zülfiyyə Hüseynova 2018-ci ildən paralimpiya cüdosunda yarışlara qatılır. O, cari ilin mayında Bakıda keçirilən görmə məhdudiyyətli cüdoçuların Qran-Pri turnirində gümüş medal qazanmışdı.
Sahib Əsədbəyli