"Fikrimcə, Olimpiadada ən yaxşı nəticəni cüdoçular göstərəcək. Komandanın hazırlığının yaxşı səviyyədə olduğunu bilirəm".
Bunu Fanat.az-a açıqlamasında cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının keçmiş çalışdırıcısı Fərhad Məmmədov deyib.
Tokio-2020-də iştirak edəcək millimizin üzvlərindən Orxan Səfərov və Rüstəm Orucovun şəxsi məşqçisi olan 44 yaşlı mütəxəssis yetirmələrinın Olimpiadadakı imkanları haqda fikir yürüdərkən, təcrübəli cüdoçuların psixoloji durumlarındakı fərqə diqqət çəkib: "Orxan yarışqabağı psixoloji vəziyyəti ilə bağlı problem yaşayır. Hər dəfə ona deyirəm, Olimpiada da bir yarışdır, rahat güləşmək lazımdır, uduzsan, dünyanın axırı olmayacaq. Rioda medal qazanmadın, amma həyat bitmədi ki... Baxıram, yavaş-yavaş dediklərimdən nəticə çıxarır. Son dünya çempionatında görmək istədiyim kimi, soyuqqanlı güləşdi, normal da nəticə göstərdi.
Rüstəmdə isə vəziyyət fərqlidir. Rahat güləşdiyi üçün ardıcıl nəticə verir. Ən azından, bir dəfə Olimpiya mükafatının dadını çıxarıb deyə, artıq üstündə elə bir ağırlıq qalmayıb".
Cüdoçularımızdan 3 medal gözlədiyini bildirən Məmmədov, fikrinə belə davam edib: "Püşkatmadan da çox şey asılı olacaq. Bizdə isə "səkkizlik"də bircə Rüstəm yer alır. Qalanlarının ilk mərhələlərdə liderlərlə düşmək ehtimalı var. Bu, bir az narahatedici məqamdır".
Qeyd edək ki, Tokio-2020 iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Cüdo yarışları 24-31 iyul aralığında "Nippon Budokan" arenasında baş tutacaq. Millimiz yarışda 9 cüdoçu(7 kişi, 2 qadın) ilə təmsil olunacaq.
Sahib Əsədbəyli