Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə böyüklər arasında Avropa Açıq turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, iki gün davam edəcək yarışda Azərbaycan komandası 13 cüdoçu (10 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Nazir Talıbov, Rəşxan Baxşəliyev (hər ikisi 60 kq), Tofiq Əliyev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Nurlan Osmanov, Zaməddin Poladov (hər ikisi 73 kq), Kərim Məmmədov, Elcan Şəfiyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq) və İmran Yusifov (+100 kq) qüvvəsini sınayacaq.
Qadınlardan isə Leyla Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) mükafatçılar sırasına düşməyə çalışacaq.
Qeyd edək ki, Avropa Kubokunda 46 ölkədən ümumilikdə 454 idmançı iştirak edəcək. Beynəlxalq dərəcəli hakimlərimiz Nazim Umbayev və Akif Tahirov yarışın ədalət təmsilçiləri arasında yer alacaqlar.