Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan dünya çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, yığma həlledici mərhələdə Fransa komandası ilə qarşılaşıb.
Seçməmiz qızların 63 kiloqram çəki dərəcəsindəki Fidan Əlizadənin yarımfinalda zədələnməsi səbəbindən görüşə 0:1 hesabı ilə geridə başlayıb. Millinin heyətində Nigar Süleymanova (+63 kq), Ramazan Əhmədov (+81 kq), Aydan Vəliyeva (48 kq) görüşlərini qələbə ilə başa vurubIar. Nizami İmranovla (60 kq) Əli Hacızadə (81 kq) isə tatamidən məğlub ayrılıblar. Əsas hissə heç-heçə yekunlaşdığından, reqlamentə əsasən, təsadüfi seçimlə əlavə görüş təyin olunub. Püşk qızların 63 kiloqram çəki dərəcəsindəki idmançıları müəyyən edib və nəticədə fransızlar qarşılaşmanı döyüşsüz qələbə ilə başa vurublar.
Beləliklə, Fransa dünya çempionu, Azərbaycan yığması yarışın gümüş medalçısı olub. Bürünc mükafatlara isə Özbəkistan və Türkiyə kollektivləri sahib çıxıb.
***
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan dünya çempionatında finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, yığma yarımfinalda Ukrayna komandası ilə qarşılaşıb. Seçməmizin heyətində Ramazan Əhmədov (+81 kq), Aydan Vəliyeva (48 kq), Nizami İmranov (60 kq görüşlərini qələbə ilə başa vurub, Əli Hacızadə (81 kq), Nigar Süleymanova (+63 kq) və Fidan Əlizadə (63 kq) tatamidən məğlub ayrılıb. Əsas hissə heç-heçə yekunlaşdığından, reqlamentə əsasən, püşk yolu ilə əlavə görüş təyin olunub. Burada Nizami İmranov rəqibini yenidən üstələyərək yekun nəticəni müəyyənləşdirib - 4:3.
Millimizin həlledici qarşılaşmadakı rəqibinin adına Fransa və Tunis yığmaları arasında bir qədər sonra baş tutacaq digər yarımfinal görüşündən sonra aydınlıq gələcək.
***
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, yığma 1/4 finalda Kanada komandası ilə qarşılaşıb. Seçməmizin heyətində Fidan Əlizadə (63 kq), Nigar Süleymanova (+63 kq), Ramazan Əhmədov (+81 kq) və Nizami İmranov (60 kq) görüşlərini qələbə ilə başa vurub, Əli Hacızadə (81 kq) ilə Aydan Vəliyeva (48 kq) tatamidən məğlub ayrılıb. Beləliklə, rəqibini 4:2 hesabı ilə yenən Azərbaycan yığması adını yarımfinala yazdırıb.
Cüdoçularımız finala vəsiqə uğrunda Ukrayna kollektivi ilə üz-üzə gələcək.
***
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, yığma startda ev sahibi ölkənin komandası ilə qarşılaşıb. Seçməmizin heyətində Nizami İmranov (60 kq), Fidan Əlizadə (63 kq), Əli Hacızadə (81 kq) və Ramazan Əhmədov (+81 kq) görüşlərini qələbə ilə başa vurub, yalnız Nigar Süleymanova (+63 kq) tatamidən məğlub ayrılıb. Beləliklə, 4:1 hesabı ilə üstün olan Azərbaycan yığması 1/4 finala yüksəlib.
Bu mərhələdə rəqib Kanada kollektivi olacaq.
***
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında bu gün komanda yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, 14 yığmanın iştirakı ilə baş tutacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Kollektivimiz ilk görüşünü 1/8 finalda ev sahibi ölkənin seçməsinə qarşı keçirəcək. Cüdoçularımız görüşü qələbə ilə başa vuracağı halda növbəti mərhələdə rəqib Kanada yığması olacaq.
Görüşlər Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışı 3 medalla başa vurub. Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc medala yiyələnib.