Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət yığmaları Belçika, İsrail, Niderland, Polşa, Özbəkistan, Səudiyyə Ərəbistanı və Tacikistanın aparıcı cüdoçuları ilə birgə Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Fanat.Az-a verilən məlumata görə, avqustun 25-də başlayan beynəlxalq təlim-məşq toplanışında 120-dən artıq idmançı iştirak edir.
Özbəkistan yığmasının baş məşqçisi, olimpiya və üçqat dünya çempionu İlias İliadis toplanışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Azərbaycan yığması dünyanın ən güclü yığmalarından biridir. Onlarla və digər ölkələrin idmançıları ilə birlikdə dünya çempionatına hazırlaşmağımız bizim idmançılar üçün çox faydalı olacaq. Komandamızı Azərbaycana dəvət etdiyi üçün ACF-ə dərin təşəkkürümü bildirirəm. Bizimlə öz təcrübələrini bölüşdüyü üçün millinizin məşqçilər korpusuna da minnətdaram.”.
Böyüklərdən ibarət Azərbaycan milli yığmasının baş məşqçisi Riçard Trautman qeyd edib ki, Göygöldə təşkil edilən təlim-məşq toplanışı Azərbaycan idmançılarının dünya çempionatına hazırlığı üçün əsas mərhələlərdən biridir:
“Göygöl toplanışı bizim üçün dünya çempionatına hazırlıq baxımından çox böyük addımdır. Beynəlxalq təlim-məşq toplanışına bir çox ölkədən cüdoçular qatılıb. Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək mundial öncəsi güclü komandalarla işləmək bizim üçün vacibdir. Bu, həm belə bir böyük yarışa hazırlıq, həm də formaya düşmək baxımından önəmlidir.”.
6 idmançı ilə qatılan Polşanın cüdo millisinin baş məşqçisi, həmyerlimiz Rəşad Həsənov da təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb:
“Bizim üçün də çox xoşdur ki, Azərbaycan – Polşa əlaqələrini bu toplanış sayəsində möhkəmləndiririk. Biz də dünya çempionatına hazırlaşırıq. Təlim-məşqdə taktiki və texniki hazırlıqlara üstünlük verilir və Polşa millisinin nəticələrində də irəliləyiş hiss olunur.”.
İsrailin cüdo millisinin baş məşqçisi, olimpiya, üçqat dünya və ikiqat Avropa çempionu Oren Smadja Azərbaycanda olduğu üçün məmnun olduğunu dilə gətirib:
"Biz artıq ikinci dəfədir ki, Göygöldə təlim-məşqdə iştirak edirik. Burada bizim üçün bütün şərait yaradılıb. Azərbaycan dünyanın ən güclü cüdo ölkələrindən biridir. Belə yüksək səviyyədə təlim-məşq toplanışının təşkil oluduğu üçün ACF-ə və millinizin məşqçilər korpusuna da minnətdaram. ”.
Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət yığması üçün 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır. Gənc oğlanlardan ibarət yığma isə 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatına hazırlaşır.
Qeyd edək ki, təlim-məşq toplanışı sentyabrın 3-dək davam edəcək.