Azərbaycan cüdoçuları İtaliyanın Riççone şəhərində keçirilən Açıq Avropa turnirini 6 medalla başa vurublar.
Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsinin finalında iki təmsilçimiz - Zelim Kotsoyev və Məmmədəli Mehdiyev görüşməli olsa da, ikinci qarşılaşmaya çıxmayıb. Nəticədə, Kotsoyev qızıl, Mehdiyev gümüş medala sahib çıxıb.
Səid Mollayi (81 kq) ilə Uşanqi Kokauri (+100 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, yarışın ikinci günündə mübarizə aparan 8 təmsilçimizdən 4-ü mükafat əldə edib.
Qeyd edək ki, 35 ölkədən 376 (228 kişi, 148 qadın) cüdoçunun qatıldığı Açıq Avropa turnirinin ilk günündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayıb. Onlardan Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) gümüş medal qazanıblar.
***
Azərbaycanın iki cüdoçusu İtaliyanın Riççone şəhərində keçirilən Açıq Avropa turnirində finala yüksəlib.
Fanat.Az xəbər verir ki, yarışın ikinci - sonucu günündə ölkənin daha 8 təmsilçisi tatami üzərinə çıxıb.
100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev Böyük Britaniya, Fransa və Almaniyadan olan rəqiblərini yenərək finala yüksəlib. Onun həlledici dueldə rəqibi İtaliya, Bolqarıstan, Fransa və Niderland təmsilçiləri ilə görüşlərdən qalib ayrılan digər cüdoçumuz Məmmədəli Mehdiyev olacaq.
Səid Mollayi (81 kq) yarımfinaladək irəliləsə də, bu mərhələdə fransalı həmkarı ilə bacarmayıb. Həmçinin yığmanın yeni milliləşdirilmiş üzvü Camal Qamzatxanov (+100 kq) finalın bir addımlığında məğlubiyyətlə üzləşib. Mollayi bürünc medal uğrunda Qevorq Manukyanla (Ukrayna), Qamzatxanov digər təmsilçimiz Uşanqi Kokauri ilə qarşılaşacaq.
Rüstəm Orucov, Zelim Tçkayev (hər ikisi 81 kq) və Murad Fətiyev (90 kq) isə yarışda mübarizəni dayandırıblar.
Qeyd edək ki, 35 ölkədən 376 (228 kişi, 148 qadın) cüdoçunun qatıldığı Açıq Avropa turnirinin ilk günündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayıb. Onlardan Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) gümüş medal qazanıblar.