Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycanın daha iki cüdoçusu tatami üzərinə çıxacaq.
Kişilərin 73 kiloqram çəki dərəcəsində yer alan idmançılardan Olimpiya Oyunlarının və dünya çempionatlarının gümüm mükafatçısı, Avropa çempionu Rüstəm Orucov startda Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki ikiqat Avropa çempionu və dünya çempionatlarının ikiqat bürünc medalçısı Hidayət Heydərov isə ilk görüşdə Abdulmalik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) görüşünün güclüsü ilə qarşılaşacaq.
Hər iki cüdoçumuz mübarizəyə 1/16 finaldan qoşulacaq.
Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.