Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yer alan 25 yaşlı idmançı israilli Tohar Butbulla qarşılaşıb. Rəqibinə "qızıl xal" bölümündə saxlama fəndi ilə qalib gələn Heydərov yarışın bürünc medalını qazanıb.
Bu, Azərbaycan millisinin dünya çempionatında ilk medalı olub. H. Heydərov isə mundiallarda üçüncü medalına sahib çıxıb. O, daha əvvəl 2018 və 2019-cu illərdə keçirilən analoji yarışlarda da fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
***
Azərbaycanın daha 2 cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxıb.
Orucov ilk görüşündə (1/16 final) braziliyalı Daniel Karqninə uduzaraq mundialla vidalaşıb.
Mübarizəyə 1/16 finaldan qoşulan Heydərov isə ardıcıl olaraq belçikalı Abdul Malik Umayev və özbəkistanlı Şaxram Axadova qalib gələrək 1/4 finala adlayıb. O, bu mərhələdə italiyalı Manuel Lombardo ilə qarşılaşıb və rəqibinə məğlub olub.
Təsəlliverici qarşılaşmaya çıxan 25 yaşlı cüdoçumuz burada kanadalı Artur Margelidonla üz-üzə gəlib. Rəqibinə qalib gələn Heydərov bürünc medal uğrunda həlledici görüşdə iştirak hüququ qazanıb. Burada o, israilli Tohar Butbulla qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.