Milan "İnter"indən ayrılandan sonra klubsuz olan Kristian Eriksen səhhəti ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "DR.dk" danimarkalı futbolçunun söylədiklərini belə çatdırıb:
"Futbol oynamaq istəyirəm. Bunun etməmək üçün səbəb yoxdur... O vaxtdan bəri ürəyimdə hər hansı problem olmayıb. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər. Hədəfim Qətərdə təşkil ediləcək dünya çempionatında oynamaqdır. Bu məqsədə köklənmişəm. Hə, mundialda oynamaq istəyirəm. Qayıtmağa gücüm var".
Xatırladaq ki, Eriksenlə bağlı qorxunc olay ötən il iyunun 12-də yaşanmışdı. Avro-2020-nin qrup oyunları çərçivəsində baş tutan Danimarka - Finlandiya matçının (0:1) ilk yarısının sonlarında Eriksen yıxılaraq yerdə qalmışdı. Huşu üstündə olmayan yarımmüdafiəçiyə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya aparılmışdı. Kritik vəziyyətdən çıxan Kristian ürəyinin ritminin sabit qalması üçün kardioverter-defibrillyator cihazı gəzdirmək məcburiyyətində qalmışdı.