
Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatlarının ən yaxşı bombardiri Miroslav Klozenin rekordunu yeniləmək şansı barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Actu Foot" belə çatdırıb:
"Hamı elə bundan danışır. Amma həyatımda ilk dəfədir ki, rekordu yeniləyəcəyim mənə real gəlmir. İki dünya çempionatından sonra, 27 yaşımda ən yaxşı bombardir olacağımla bağlı düşünmürəm. Amma digər tərəfdən, dünya çempionu adını qazanmaqdan daha güclü emosiya olmadığını da bilirəm. Ona görə də əsas hədəfim Fransa millisinə üçüncü ulduzu qazandırmaq, evə kubokla qayıdaraq insanlara unudulmaz yay bəxş etməkdir. Dünya çempionatlarının ən yaxşı bombardiri olmaq isə... Bu, tarixdə həmişəlik qalmaqdır".
Qeyd edək ki, Almaniya millisinin sabiq forvardı Klozenin hesabında 16 qol var. Mbappe isə əvvəlki mundiallarda 12 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.
Nihat