
Dünya çempionatının 1/8 final mərhələsi təkcə komandaların taktiki savaşı ilə deyil, həm də təbiət qüvvələrinin amansız sınağı ilə yadda qalmağa namizəddir.
Fanat.Az "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, turnirin əsas favoritlərindən sayılan Fransa millisinin Paraqvay seçməsi ilə keçirəcəyi qarşılaşma ciddi hava anomaliyaları ilə üz-üzə qalıb.
Filadelfiyada baş tutacaq oyun öncəsi sinoptiklərin proqnozları turnirin təşkilat komitəsini və komandaların tibbi heyətini ciddi şəkildə həyəcanlandırıb. Matçın start fiti ərəfəsində bölgədə temperaturun rekord həddə - 40°C-yə çatacağı və güclü tufanla müşayiət olunacağı gözlənilir.
Belə bir boğucu iqlim təzyiqi altında futbolçuların funksional hazırlığının və dözümlülük limitlərinin necə reaksiya verəcəyi böyük sual doğurur. Məsələnin digər diqqətçəkən tərəfi isə "üçrənglilər"in qrup mərhələsində İraqa qarşı keçirdiyi oyunun da məhz bu arenada güclü ildırım təhlükəsi səbəbindən iki saat gecikməsidir.
Kamil Xudiyev