
Hazırda davam edən dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün İspaniya millisi ilə üz-üzə gələcək Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu matç ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı superulduzun sözlərini AS belə çatdırıb:
"İspaniyanı həmişə çox istedadlı komanda saymışam. Bu yığmanın hər nəslində fərqli oyunçular olub. Rəqibi qatıldığı bütün turnirlərin əsas favoritlərindən biri kimi görmüşəm.
Bizi yetərincə çətin oyun gözləyir. Özümüzə çox inanmalı, hərəkətli və cəsarətli olmalıyıq. Qələbəyə aparan yeganə yol budur.
İspaniya nəzəri cəhətdən favoritdir, çünki Portuqaliyadan daha çox titul qazanıb. İspaniya yığmasına qarşı oynamaqdan xoşum gəlir. Onlara qarşı bir neçə dəfə oynamışam və bu qarşılaşmaların hər biri gərgin alınıb. Bu dəfə də eyni şey olacaq. Detallara daha yaxşı diqqət ayıran tərəf qalib gələcək. Ümid edirəm ki, Portuqaliya qazanacaq. İçimdə belə bir hiss var. Zaman göstərəcək.
"Əl-Nəsr"in təcrübəli forvardı rəqibin gənc ulduzu Lamin Yamalla bağlı sualı da cavablandırıb: "Lamin böyük gələcək vəd edən oyunçudur. Düzü, hələ İspaniyanın bu mundialdakı hansısa oyununu tam izləməmişəm. Yalnız Kabo Verde ilə ilk görüşlərinə bir qədər baxmışam, amma Yamalın gələcəyi parlaqdır. Lamin çox yaxşı oynayır, amma İspaniya komanda şəklində güclüdür".
Nihat