
Dünya Çempionatının 1/8 final mərhələsində Argentinaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan Misir millisi bu məğlubiyyətlə barışmaq niyyətində deyil. Baş məşqçi Hossam Hassannın sərt bəyanatlarından sonra Misir Futbol Federasiyası da rəsmi addım atıb.
Fanat.Az xəbər verir ki, Misir Futbol Assosiasiyası qarşılaşmadakı hakim idarəçiliyi ilə bağlı FIFA-ya rəsmi şəkildə şikayət məktubu ünvanlayıb.
Federasiya rəhbərliyi ali futbol qurumundan matçın taleyinə birbaşa təsir edən hakim qərarlarının ciddi şəkildə araşdırılmasını tələb edib.
Misirlilərin iddiasına görə, oyun zamanı qəbul edilən bir neçə mühüm və kritik qərar qarşılaşmanın yekun nəticəsinə birbaşa təsir göstərib və komandanın haqqı tapdalanıb. FIFA-nın bu etiraza necə reaksiya verəcəyi isə maraqla gözlənilir.