Sabah Topaz Azərbaycan Premeyer Liqasında XXXI turun görüşələri keçiriləcək. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
XXXI tur əlamətdar hadisə ilə yadda qala bilər. Belə ki, çempionatın lideri “Qarbağ”ın bu gün çempionluğunu rəsmiləşdirməsi mümkündü. Bunun üçün “köhlən atlar” Zaqatalada qalib gəlməli, onların yaxın izləyiciləri olan “Neftçi” və “İnter” xal itirməlidi.
"Neftçi" üçün vacib oyun
“Neftçi" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma hər iki rəqib üçün vacib sayılmalıdı. “Neftçi” ən azı 2-ci pilləni də əldən verməmək, “Sumqayıt” isə elitada qalmaq üçün mütləq qələbə qazanmalıdılar. Bu, tərəflər arasında 8-ci oyun olacaq. "Ağ-qaralar" gənclik şəhəri təmsilçisi ilə oyunlarda daha çox qələbə qazanıb. 4 dəfə 3 xala sevinən "Neftçi" 2 oyunda meydanı xalsız tərk edib. 1 matçda tərəflər heç-heçəyə razılaşıb. "Neftçi"nin 19 qoluna "Sumqayıt" 7 dəfə cavab verib. Öz meydanında rəqibinə uduzmayan paytaxt təmsilçisi bu görüşlərdə 5-ci qələbəni qazanmağa və 20-ci qolu vurmağa çalışacaq. "Neftçi" "Sumqayıt"la ounlarda 3 dəfə darmadağına sevinib. Belə ki, komandalar arasında oyunlarda 3:0, 4:0 və 8:1 hesabları qeydə alınıb.
Biləcəridə 38-ci duel
Turun prinsipial qarşılaşmalarından biri Biləcəridə baş tutacaq və "Bakı" "İnter"i qəbul edəcək. “Zolaqlılar” avrokuboklara vəsiqə şansını tam itirməmək üçün bu oyunda mütləq qalib gəlməlidi. Bu qarşılaşma tərəflər arasında çempionatda 38-ci oyun olacaq. İndiyədək baş tutan oyunlarda "bankirlərin" üstünlüyü var. Belə ki, "İnter" 15, "Bakı" 13 qələbə qazanıb, 9 oyun sülhlə bitib. Top sayında isə bərabərlik hökm sürür - 31:31. 2 ildi “İnter”lə oyunlarda qələbə həsrətində olan “Bakı” son 5 paytaxt derbisində qalib gələ bilmir.
Bayılda çempionat kuboka qurban veriləcək?
Azərbaycan Kubokunun yarımfinal mərhələsində sərfəli nəticə əldə etmiş 2 klub - “Rəvan” və “Qəbələ” Bayılda üz-üzə gələcəklər. Güman etmirik ki, komandalar kubok qarşılaşmasını nəzərə alıb, çempionat oyununu qurban verəcəklər. Elitada qalmaq üçün “Rəvan”a xal hava-su kimi lazımdı. Elə “Qəbələ” də avrokuboklara vəsiqə şansını təkcə kuboka saxlamamq üçün bu oyunda mütləq qələbəyə oynayacaq. Tərəflər çempionatda 8-ci dəfə qarşılaşacaqlar. İndiyədək baş tutan oyunlarda "Qəbələ"nin üstünlüyü var. Belə ki, bölgə klubu 4, paytaxt təmsilçisi 2 qələbə qazanıb, 1 matçda qalib müəyyənləşməyib. "Qəbələ"nin 14 qoluna "Rəvan" 7 dəfə cavab verə bilib. “Rəvan” cari mövsümdə rəqibinin qapısına yol tapa bilməyib. Qəbələ təmsilçisi isə səfər matçlarında bakılılara xal verməyib.
“Sülh”ü sevən rəqiblər
Çempionatın lideri "Qarabağ" Zaqatalaya səfər edəcək. “Köhlən atlar” qalib gələcəkləri, yaxın rəqibləri büdrəyəcəyi təqdirdə çempionluğu rəsmiləşdirə bilərlər. Amma bir məsələ var ki, bu mövsüm bütün komandaların dizini bükən Qurban Qurbanovun yetirmələri təkcə “Simurq”qa qalib gələ bilməyib. Bilmək olmaz, bəlkə də əslən Zaqataladan olan Qurban Qurbanov dogma rayonunda qalibiyyət əldə etməklə tarixi uğuru rəsmiləşdirəcək… Bu, tərəflər arasında çempionatda 20-ci oyun olacaq. Əyalət təmsilçilərinin son 4 oyununda qapılara qol vurulmayıb. Ardıcıl 4 qolsuz heç-heçə edən rəqiblər 10-cu bərabərliyin astanasındadı. Eyni sayda qələbəsi (hərəyə 5 qələbə) olan rəqiblərin oyunlarının balansında “Simurq” yalnız top fərqində öndədi - 14:12.
“Fırtınalar meydanı”nda uğursuz(ların) döyüş(ü)
Çempionatın uğursuz komandaları Lənkəranda qarşılaşacaqlar. “Xəzər Lənkəran” AZAL-ı qəbul edəcək. hər iki komandanın düşərgəsində gərgin ab-hava hökm sürür. Kubokun yarımfinalında “Qəbələ”dən ağır zərbə alan “ağ-yaşıllar” biabırçılığı qismən unutdurmaq üçün “təyyarəçilər”i məğlub etməyə çalışacaqlar. Tərlan Əhmədovun gəlişindən sonra qələbə üzünə həsrət qalan AZAL da “Xəzər Lənkəran”ın bu durumundan yararlanmağa çalışacaq. Tərəflər çempionatda 24-cü dəfə qarşılaşacaqlar.
Lənkəranlıların "təyyarəçilər"lə oyunlarda böyük üstünlüyü var. Belə ki, "Xəzər Lənkəran" indiyədək 13, AZAL cəmi 4 qələbə qazanıb. 6 oyunda tərəflər hərəyə bir xala sevinib. "Xəzər Lənkəran"ın 31 qoluna AZAL 16 dəfə cavab verə bilib. Cari mövsümdə rəqibini məğlub edə bilməyən AZAL son 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” isə son 5 ildə baş tutan bütün ev oyunlarında qol sevinci yaşayıb.
Topaz Premyer Liqası
2013/14 mövsümü
IV dövrə, XXXI tur
20 aprel
Bakı - İnter
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 15.00.
Rəvan - Qəbələ
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
"Bayıl Arena". Saat 17.00.
Simurq - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu. Saat 17.00.
Neftçi - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakcell Arena". Saat 17.00.
Xəzər Lənkəran - AZAL
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 18.00.
№ | Komanda | O | Q | H | M | T/F | Xal |
1 | Qarabağ | 30 | 20 | 7 | 3 | 60-15 | 67 |
2 | İnter | 30 | 16 | 6 | 8 | 47-32 | 54 |
3 | Neftçi | 30 | 16 | 6 | 8 | 43-35 | 54 |
4 | Bakı | 30 | 14 | 7 | 9 | 47-33 | 49 |
5 | Qəbələ | 30 | 13 | 6 | 11 | 37-32 | 45 |
6 | Simurq | 30 | 10 | 10 | 10 | 32-24 | 40 |
7 | Xəzər L | 30 | 9 | 11 | 10 | 31-41 | 38 |
8 | AZAL | 30 | 6 | 9 | 15 | 27-44 | 27 |
9 | Rəvan | 30 | 3 | 9 | 18 | 17-55 | 18 |
10 | Sumqayıt | 30 | 3 | 9 | 18 | 20-50 | 18 |
Bombardirlər: Reynaldo Silva (Qarabağ) - 19. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 10. Mbilla Etame (Xəzər Lənkəran), Baçana Tsxadadze (İnter), Leroy Corc (Qarabağ) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ) - 8.
Fanat.az