“İnter” Topaz Premyer Liqasında ardıcıl 6-cı qələbəsini qazanıb. Fanat.az xəbər verir ki, son 6 matçda 17 qol vuran və cəmi 2 top buraxan paytaxt təmsilçisi 18 xal qazanıb.
“Qəbələ” (4:1), “Rəvan” (3:0), “Simurq” (1:0), “Neftçi” (2:1), "Bakı"nın (4:0) ardından XXXII turda “Xəzər Lənkəran”ı 3 cavabsız qolla üstələyən “İnter” tarixinin rekordunu təkrarlayıb. Əvvəllər 3 dəfə 6 qələbəni sıralayan bakılılar rekordunu 4-cü dəfə gerçəkləşdirib. “İnter” 2008-ci ilin yazında - 2007/08 mövsümünün son 6 matçında qələbə qazanmaqla çempionluğu bayram etmişdi. 2008/09 mövsümünün startında - 2008-ci ilin payızında da “İnter” 6 qələbədən ibarət seriyaya imza atmışdı. Çempionluqla nəticələnən 2009/10 mövsümünün ortalarında da eyni nəticəni təkrarlayan komanda qələbələrindən 3-nü 2009-un sonunda, 3-nü 2010-nun əvvəlində əldə etmişdi.
3 dəfə 7-ci qələbəsini qazanmaq imkanını qaçıran paytaxt təmsilçisi mütləq rekorda imza atmaq üçün “Sumqayıt”a qalib gəlməlidi. İndiyədək rəqibindən 1 top da buraxmayan bakılılar bunu bacarsa, həm də mövsümün rekordunu təkrarlayacaq.
Qeyd edək ki, qələbə seriyalarında mövsümün rekordu “Qarabağ”a (7 oyun), ölkə çempionatları tarixinin rekordu isə “Kəpəz”ə (20 oyun) məxsusdu.
Fanat.az