Mayın 17-dən 21-dək Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarış 38 ölkədən idmançıları bir araya toplayacaq.
Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalova təmsil edəcəklər. Qrup hərəkətləri proqramında böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina çıxacaq.
Gənclər arasında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovadan ibarət qrup komandası mübarizə aparacaq.
Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər. Fərdi gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər (gürzlər, halqa, top, lent) üzrə çıxışlarını təqdim edəcəklər. Böyüklər arasında 19 qrup komandası 5 halqa, 3 lent və 2 top proqramında, gənclər arasında isə 22 qrup komandası 5 ip və 5 top proqramında mübarizəyə qoşulacaq.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycanın fərdi böyük gimnastları və gənclərdən ibarət qrup hərəkətləri komandası 18-ci, böyüklərdən ibarət qrup hərəkətləri komandası isə 10-cu nömrə altında çıxış edəcək.
Qeyd edək ki, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq. Paytaxtımız 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.