Gürcü saymazyanalığı
Bu mövsüm ümidləri puça çıxan “Xəzər Lənkəran”ın “İnter” səfərində qazanacağı uğurlu nəticə Avroliqaya nəzəri şansları artıracaqdı. Ancaq Arif Daşdəmirovun 5-ci dəqiqədə vurduğu qol psixoloji durumu qaydasında olmayan qonaqları daha da sarsıtdı. Oyun planında “gəmiçilər”i üstələyən “İnter”in nəticəni haqq etdiyini danmaq olmaz. “Ağ-yaşıllar”ın donuqluğuna sübut olaraq bərbad görünən Deyan Blajevskinin Nildoyla erkən əvəzlənməsini qabartmalıyıq. Ancaq braziliyalı da 4-2-3-1 taktiki sxemində forvard işini layiqincə görməyi bacarmadı. Fasilədən sonra yetərincə fəallaşan “gəmiçilər” ikinci qolu “yeyənədək” ön xətdə pis təsir bağışlamır, ilk yarıda əks-hücumlarla kifayətlənən komandaya bənzəmirdi. Matçın bitiminə 6 dəqiqə qalmış darmadağına imza atan “bankirlər”in kollektiv oyun sarıdan bölgə təmsilçisini üstələdiyini, komanda şəklində mütəşəkkil göründüyünü söyləməliyik. Müdafiəyəmeyilli əvəzləməyə əl atmayan Kaxaber Tsxadadzenin həmkarından əsla çəkinmədiyi sezildi. Bəli bu, saymazyana gerçəkləşən zəfər idi.
Hansı sürpriz?
Öz meydanında “Bakı”dan xal alan “Sumqayıt”ın 1:1 hesablı bərabərliyə nail olmasını sürpriz saymaq absurddu. Aqil Məmmədovun komandası daha autsayderə oxşamır. Son vaxtlar önünə çıxana “dişini göstərən” meydan sahibləri “şəhərlilər”i də cəzalandırdı. Maraqlıdı ki, tərəflər oxşar taktiki düzümlə başabaş oynadfı. Bu başqa məsələ ki, “Sumqayıt” hesabı açandan sonra üstünlüyün Milinkjo Pantiçin yetirmələrinin təəfinə keçməsinə izn verdi. “Gənclik şəhəri” təmsilçisinin heyətindəki itkiləri də nəzərə alsaq, məğlubiyyətsiz oyunların sayının 5-ə çatdırılması uğurdu. Pantiçin 69-cu dəqiqədə vurulan bərabərlik qolundan sonra həyata keçirdiyi 3 hücumameyilli dəyişiklik böyük ölçüdə işə yaramadı.
Kamranın hesabına
Yuri Syominin şimal derbisində əsas heyətdə 4 dəyişiklik etməsi nəzərəçarpan məqam idi. Zədədən dönən Rail Məlikovun müdafiənin sağında qərarlaşmasını isə xüsusi yazmalıyıq. Təcrübəli Məlikov demək olar səhvsiz oynadısa, ilk yarıda “Qəbələ” qonaqların əıl-qol açmasına imkan vermədi. Oyunu müdafiədən quran Georgi Çixradzenin ilk yarıyla bağlı planları həyata keçmədi. Oyundakı yeganə qolu 58-ci dəqiqədə Dodoyla vuran “qırmızı-qaralar” ikinci hissədəki oyununa görə qapıçı Kamran Ağayevə minnətdar olmalıdı. Çixradzenin hesabda geri düşüncə gerçəkləşdirdiyi Rəşad Eyyubov – Nicat Qurbanov əvəzləməsi komandasının oyununu canlandırmışdısa, Ruslan Poladovun yerini 77-ci dəqiqədə Murad Səttarlıya buraxması meydan sahiblərinin qapısı qarşısında “fırtına qopmasına” bəs etdi. Viktor Mendini 80-ci dəqiqədə Davron Yerqaşevlə dəyişən Syomin forvardı ixtisara salıb müdafiəçilərin sayını artırmaqla vəziyyəti sığortalamağa çalışdı. Amma qələbənin əldən çıxmamasının səbəbkarı Kamrandı. Çünki müdafiə xəttini yarmaq zaqatalalılar üçün ciddi problem deyildi. Əksinə Mendisiz ön xətt irəlidə top saxlamağa çətinlik çəkirdi. Yeri gəlmişkən, İbrahima Niassenin zədədən qayıdıb müdafiənin mərkəzində yerini tutması nəzərə çarpdı.
Oluremi fərqlənsəydi...
AZAL – “Rəvan” qarşılaşmasında tərəflər hərəyə bir neçə qol epizodu yaratsa da, oyun azarkeşlərə zövq vermədi. “Quru” bərabərliyi ədalətli nəticə saya bilərik. Hərçənd 90 dəqiqədə “təyyarəçilər”in topa daha çox nəzarət etməsi də faktdı. Birforvardlı taktiki düzümlərə bel bağlayan rəqib çalışdırıcıları qələbə istəyinə çatmadı. Son pillənin sahibi zəfərə susamışdısa, şüvəlanlılar da öz meydanında autsayderi yenməkdə israrlıydı. 81-ci dəqiqədə Nedo Turkoviçi Samuel Barlayla dəyişib Con Olureminin irəlidə oynamasına şərait yaradan Tərlan Əhmədovun bu müdaxiləsi effekt versəydi, başqa məsələ. Conun başla fərqlənmək cəhdi sona yaxın uğura yetmədi. Kurtar isə artıq qatarın sonuncu vaqonundan təkəlli sallaşmış yoxsul sərnişini xatırladır.
Prinsipial matçda prinsipial jestlər
Turun mərkəzi qarşılaşmasına itkilərlə çıxan “Neftçi”nin liderə qarşı oyuna əla kökləndiyi duyulurdu. Araz Abdullayev, Ernst Nfor, Mirhüseyn Seyidov, Bahodir Nasimov kimi oyunçuların yoxluğunu ehtiyatdakılarla unutduran Böyükağa Hacıyevin komandası doğrudan da yaxşı oynadı. Qarşılıqlı qol epizodları fonunda hesabı Flavinyoyla açan flaqmanın prinsipial görüşdə titulu əlindən almağa hazırlaşan ağdamlılara qarşı sərgilədiyi futboldan qisas qoxusu gəlirdi və bu amil oyuna xüsusi rəng qatırdı. İkinci hissəyə aqressiv başlayan “Qarabağ” hesaba Muarem Muaremlə tarazlıq gətirəndən sonra da komandalardan birinin digərini üstələdiyini söyləmək olmaz. İki köklü rəqibin duelində Leroy Corcu oyundan alıb Vüqar Nadirova şans verən Qurban Qurbanovun əvəzləməsi effekt vermədi. Bundan öncə qolun müəllifi Muaremi nominal forvard Nikolas Gelaşviliylə dəyişən “köhlən atlar”ın çalışdırıcısı zəfər istəyinə məhz Nadirovun sürəti və qüvvətli zərbələri hesabına çatmağı hədəfləmişdi. Bərabərliyi pis nəticə saymadığı mətbuat konfransında verdiyi açıqlama ilə üzə çıxan Hacıyevin “Reynaldoya qırmızı vərəqə verilməli idi” cümləsi istənilən halda, ikinci plandadı. Böyükağa bəyin əvəzləmələri isə “baxın, gənclərlə liderə qarşı oynayırıq” demək idi.
NİHAT, "Futbol+" qəzeti