Bu gün Çempionlar Liqasının final matçı baş tutacaq və bununla da Avropada futbol mövsümü rəsmən başa çatacaq. Fanat.az xəbər verir ki, qitənin birnömrəli klub turnirinin həlledici matçında İspaniyanın iki klubu - "Real" və "Atletiko" qarşı-qarşıya gələcək.
Arda Turan bu finalda tarixə düşə bilər. Belə ki, "Atletiko" kubokun qalibi olacağı halda o, Çempionlar Liqasını qazanmış ilk türk futbolçu olacaq. Bundan başqa Arda finalda forma geyinən Türkiyədə doğulmuş ilk futbolçu ola bilər. Çünki Çempionlar Liqasının finalında oynamış bundan əvvəlki türklər - Yıldıray Baştürk, Hamit Altıntop, Nuri Şahin və İlkay Gündoğan Almaniyada dünyaya gəlib.
Finaldakı ilk türk - Yıldıray Baştürk
Çempionlar Liqasında final görmüş ilk türk futbolçu Yıldıray Baştürk olub. O, 2001/02 mövsümündə "Bayer"lə Avropanın birnömrəli klub turnirinin həlledici matçına çıxıb. Maraqlıdı ki, həmin vaxtdba da türk futbolçunun rəqibi "Real" olub. 12 il əvvəlki finalda "Kral Klubu" 2:1 hesablı qələbə qazanaraq Yıldırayın tarixə düşməsinə imkan verməyib.
Hamit 2010-da final gördü
Hazırda "Qalatasaray"da çıxış edən Hamit Altıntop da Çempionlar Liqasında final oynamış türk futbolçulardandı. O, 2009/10 mövsümündə "Bavariya"nın heyətində həlledici matça çıxıb. Həmin vaxt onun komandası Madriddə baş tutan finalda "İnter"lə qarşılaşıb. İlk "11-lik"də meydana çıxan Hamit 63 dəqiqə oynayıb və "İnter"in 2:0 hesablı qələbəsinə əngəl ola bilməyib.
Nuri və İlkayı "Bavariya" məyus etdi
Ötən mövsüm Çempionlar Liqasının finalında iki türk futbolçu oynayıb. Belə ki, Türkiyə millisinin üzvü Nuri Şahinlə Almaniya yığmasını seçmiş İlkay Gündoğan Dortmund "Borussiya"sı ilə final həyacanı yaşayıb və "Bavariya"ya qarşı oynayıblar. Lakin onlar da kuboku başları üzərinə qaldıra bilməyiblər. Belə ki, matç "Bavariya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan və 90 dəqiqə oynayan İlkay 68-ci dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb. Nuri isə 90+2-ci dəqiqədə meydana çıxaraq qısa müddət oynayıb.
37 ölkə, 285 futbolçu
Turnir Çempionlar Liqası adlanmağa başladığı 1992/93 mövsümündən bəri kuboku 37 ölkədən olan 285 futbolçu qazanıb. Kubok sevinci yaşamış ölkələrdən 26-sı Avropanı, 11-i digər qitələri təmsil edir. Çempion olmuş 285 futbolçudan 229-u Avropa ölkələrindən, 56-sı başqa qitə ölkələrindən olub.
İspaniyanı təmsil edən futbolçular ən çox çempionluq sevinci yaşayanlardı. Bu ölkənin 46 oyunçusu kubok sevincini dadıb. İtaliyanın 38, Almaniya və Braziliyanın isə 26 futbolçusu kuboka sahib çıxıb.
Çempionlar Liqasını hansı ölkələrdən olan futbolçular qazanıb?
İspanya - 46
İtaliya - 38
Almaniya, Braziliya 26
Fransa - 24
İngiltərə, Hollandiya - 20
Portuqaliya - 18
Argentina - 11
Serbiya - 5
Xorvatiya, Çexiya - 4
Norveç, İsveç, Kamerun, Qana, Kot`D-İvuar, Mali, Nigeriya - 3
Finlandiya, Gürcüstan, İrlandiya, Uels - 2
Avstriya, Bosniya və Hersoqovina, Danimarka, Makedoniya, Polşa, Rumıniya, Rusiya, Şotlandiya, İsveçrə, Ukrayna, Avstraliya, Meksika, CAR, Trinidad və Tobaqo.
Arda Turan onlara şərik olacaq
İndiyədək 17 futbolçu Çempionlar Liqasını bir dəfə qazanıb. Arda Turan bu gün kuboku başı üzərinə qaldıracağı halda bu futbolçulara şərik olacaq:
Harri Kyuel (Avstraliya)
David Alaba (Avstriya)
Hasan Salihamidziç (Bosniya və Hersoqovina)
Samuel Eto`O (Kamerun)
Peter Şmeyxel (Danimarka)
Qoran Pandev (Makedoniya)
Kaxa Kaladze (Gürcüstan)
Rafael Markuez (Meksika)
Jerzi Dudek (Polşa)
Kristian Kivu (Rumıniya)
Dmitri Aleniçev (Rusiya)
Paul Lambert (Şotlandiya)
Benni Makkarti (CAR)
Stepan Kapuisat (İsveçrə)
Dviqt Yorke (Trinidad Tobaqo)
Andrey Şevçenko (Ukrayna)
Ryan Giqqz (Uels)
Fanat.az