Avropa Liqasının birinci təsnifat mərhələsinin dünən baş tutan cavab oyunları Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki mövqeyinə təsir göstərməyib. Fanat.az xəbər verir ki, ölkəmiz siyahıda əvvəlki yerində qalıb.
Dünən avrokuboklardakı təmsilçilərimizdən ikisi növbəti oyununu keçirdi. Avroliqada mübarizə aparan "Qəbələ" səfərdə Bosniya və Hersoqovina "Şiroki Briyeq"inə məğlub oldu - 0:3. “İnter” isə doğma meydanda Moldova “Tiraspol”una 3:1 hesabıyla qalib gəldi.
“İnter”in bu qələbəsi ölkəmizin “ehtiyatını” zənginləşdirib. "Bankirlər" ölkəmizə 0,250 əmsal qazandırdı. Hazırda UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 9.375 əmsal var ki, onun da 0,500-ü cari mövsümdə qazanılıb. Təbii, bu "İnter"in "Tiraspol" üzərindəki qələbələri sayəsində reallaşıb.
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 əmsal gətirir. Heç-heçə isə sadəcə, 0,125 verir. Qrup mərhələsində bərabərlik 0.250, qələbə 0.500 əmsalla qiymətləndirilir.
Fanat.az