Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts acınacaqlı vəziyyətlə üzləşən “Duysburq” klubu üçün çıxış yolu tapıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis ciddi maliyyə problemləri üzündən futbolçularını itirən komandaya yığmamızın oyunçularını təklif edib.
Belə ki, lisenziyası əlindən alınan 111 yaşlı klub II Bundesliqadan kənarlaşdırılıb. Növbəti mövsümdə III liqada çıxış etməli olan Duysburqun eyniadlı təmsilçisi bütün məşqçi və futbolçu heyətini də itirib.
Mövsümün startına az qalmış belə çıxılmaz halla qarşılaşan Almaniya klubu tələsik heyətini qurmalıdır. Foqts da həmyerlilərinin bu durumunu görərək onlara yaxşı tanıdığı azərbaycanlı futbolçuların xidmətindən yararlanmağı məsləhət görüb.
67 yaşlı mütəxəssis əvvəllər də həmyerlilərimizi Almaniya klublarına təklif edib. Vaxtilə Bundestimi də çalışdıran Foqtsun məhz “Duysburq”la da yaxşı əlaqələri var. Dəfələrlə millimizi bu komandanın təmsil etdiyi şəhərə aparan çalışdırıcı 4 il əvvəl 30 yeniyetmə azərbaycanlını “Duysburq”un akademiyasına təklif etmişdi.
Qeyd edək ki, “Duysburq” tarixində 1 dəfə Almaniya çempionatının gümüş mükafatını qazanıb, 3 dəfə ölkə kubokunun finalında çıxış edib.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol