Topaz Premyer Liqasında 2014/15 mövsümü başlamadan təxirəsalmalara start verilib. Fanat.az xəbər verir ki, I turun "Bakı" - "Simurq" oyunu təxirə salınıb. Bu barədə PFL-in prezidenti Ramin Musayev əmr imzalayıb:
1. Topaz Premyer Liqasının 2014/15 mövsümündə iştirak edən “Bakı” klubu Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri 15 avqust 2014-cü il tarixinə kimi PFL-ə təqdim etməzsə, klub yarışlardan kənarlaşdırılsın.
2. “Bakı” klubunun iştirakı ilə Topaz Premyer Liqası və əvəzedici komandalar arasında yarışın I turunun oyunları yuxarıda göstərilmiş səbəbdən təxirə salınsın.
Əslində "Bakı"nın vəziyyəti AFFA və PFL rəhbərliyinə bir neçə ay əvvəldən bəlli idi. Aylardı futbolçularına maaş verə bilməyən Hafiz Məmmədovun klubu dağılmaq üzrədi. Təsadüfü deyil ki, AFFA paytaxt təmsilçisinin bir neçə futbolçusuna azad agent statusu verib, legionerlər qaçıb, baş məşqçi Azərbaycana dönməkdən imtina edib, komanda gənc və təcrübəsiz futbolçuların ümidinə qalıb. Belə olan halda AFFA və PFL "Bakı"nın Premyer Liqada çıxışına hansı əsasla icazə verib? Klub avqustun 15-dək sənədləri PFL-ə təqdim etməsə, çempionat hansı vəziyyətə düşəcək?
"Simurq"un haqlarını kim qoruyacaq? Zaqatala klubu bir neçə gündü bu oyun üçün Bakıya gəlib, oteldə qalır, xərc çəkir. Matça iki saat qalmış isə deyirlər ki, "oyun olmayacaq". "Simurq"un xərclərini kim ödəyəcək?
Fanat.az