"Fənərbaxça" baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, ötən mövsüm komandanı çempion etmiş Ersun Yanal gözlənilmədən istefa verib.
Artıq Türkiyə mətbuatı "Fənərbaxça"nın baş məşqçisi postuna namizəd olan 6 mütəxəssisin adını açıqlayıb. Siyahıya "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli başçılıq edir. Adı bir müddət əvvəl "Qalatasaray" və "Beşiktaş"la yanaşı çəkilən türk mütəxəssis Yanaldan əvvəl də "Fənərbaxça" ilə danışıqlar aparmışdı. Dənizli 2000-2002-ci illərdə bu klubu çalışdırıb. Onu 2002-ci ildə hazırda "Xəzər Lənkəran"a başçılıq edən Oğuz Çətin əvəzləmişdi.
Dənizli ilə yanaşı, bir müddət əvvəl adı "Qəbələ" ilə yanaşı çəkilən İsmail Kartalın da bu posta namizəd olduğu deyilir. 53 yaşlı türk mütəxəssis 2010-cu ildən "Fənərbaxça"da məşqçi işləyir.
Bu iki mütəxəssislə yanaşı, Aykut Kocaman, Roberto Karlos, Mirçea Luçesku və Yoahim Lövün baş məşqçi postuna namizəd olduğu bildirilir.
Fanat.az