Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, flaqman bu gün hazırlıq çərçivəsində beşinci yoxlama oyununa çıxacaq.
Belə ki, komandamız bu gün Rusiya premyer-liqası təmsilçisi “Terek”lə üz-üzə gələcək. Ötən mövsümü 8-ci pillədə başa vuran Yuri Krasnojanın yetirmələri “Neftçi” ilə Bakı vaxtı ilə saat 18:30-da qarşılaşacaq. Bu gün Qroznı təmsilçisi daha bir oyun keçirəcək ki, saat 22:00-dakı rəqib 2 gün əvvəl “Neftçi”ni darmadağın etmiş və “Xəzər Lənkəran”ın Avroliqada potensial rəqibi olan Hayfa “Makkabi”sidir. Böyük ehtimalla, “Terek” “Neftçi” önünə ikinci heyətlə meydana çıxacaq.
“Terek”lə “Neftçi” ötən ilin yanvarında Antalyada Çeçenistanın sabiq prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş turnirdə üz-üzə gəlib. Həmin vaxt bakılılar 3-cülük uğrunda görüşdə Çeçenistan təmsilçisini 3:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, “Neftçi” “Terek”ə qədər “Volqa” (0:1), Kottbus “Energi”si (0:2) və “Makkabi”yə (0:3) uduzub. Son 3 qat çempion yalnız Almaniyanın aşağı dəstə klubu Burqhauzen “Vakker”indən üstün olub – 3:0.
Bu gün
18:30 NEFTÇİ (AZƏRBAYCAN) – Terek (Rusiya)
Vörql qəsəbəsi
İdman24.az