Məlum olduğu kimi, “Bakı” ötən gün Avstriya toplanışı çərçivəsində ilk yoxlama matçına çıxdı. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın bu oyuna çıxardığı heyətdə bir yeni ada da rast gəlmək mümkün idi. Bu, Yure Travnerdi.
Qeyd edək ki, sloveniyalı futbolçu 1985-ci il təvəllüdlüdü. Sol cinah müdafiəçisi olan Travner peşəkar karyerasında 2004-cü ildə yerli “Celje” klubunda başlayıb. 2009-cu ilə qədər o, bu klubda 115 oyuna çıxıb, 1 qola imza atıb. 2004-2005 mövsümündə “Şmartno”ya icarəyə verilən müdafiəçi burda 20 oyuna çıxıb, 1 qol vurub. 2005-2006 mövsümündə isə o, yenə icarə əsasında “Dravograd”da oynayıb (cəmi 6 oyun).
2009-cu ildə Travner İngiltərənin “Watford” klubuna transfer olunub. Amma o, burda möhkəmlənə bilməyib və bir dəfə də rəsmi oyuna çıxmadan 2010-cu ildə Şotlandiyanın “St. Mirren” klubuna keçib. Burda isə sözügedən futbolçu 37 qarşılaşmada meydanda olub, 1 qol vurub. 2011-ci ili Bolqarıstan “Ludogorets”ində keçirən Travner burda cəmi 3 oyun keçirib. Son mövsümü isə sloveniyalı futbolçu ölkəsinin “Mura” klubunda keçirib. Burda 42 oyunda 2 qola imza atan futbolçu Avroliqanın ötən mövsümündə “Bakı”ya qarşı forma da geyinib. Elə paytaxt klubu da bu oyunçunu həmin vaxt gözaltı edib.
Qeyd edək ki, Travner “Bakı”nın heyətində dünən start 11-liyində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
İdman24.az