Sabah Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Naxçıvanda baş tutacaq “Qarabağ” - “Qəbələ” oyunu ilə 2016/17 mövsümünə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, bu komandalar arasında kubokdakı 7-ci matç olacaq. Bundan əvvəl finalda qarşılaşmayan rəqiblər 3 dəfə 1/4 finalda üz-üzə gəlib. 2 dəfə "Qarabağ", bir halda isə "Qəbələ" mərhələ adlayıb.
Maraqlıdı ki, 6 matçdan heç birində "Qarabağ" "Qələbə" qazanmayıb. 5 oyun "sülh"lə bitib, bir halda isə gülən tərəf "Qəbələ" olub. "Qırmızı-qaralar"ın 5 qoluna ağdamlılar 4 dəfə cavab verib.
Finalçılar ilk dəfə 2011/2012 mövsümündə üzü-üzə gəlib. Qarşılaşmalar 2:2 və 0:0 hesabı ilə yekunlaşıb. "Qarabağ" səfər qolları sayəsində yarımfinala çıxıb.
Növbəti mövsümdə onların yenidən yolları kəsişib. Bu dəfəki görüşlərdə 1:1 və 0:0 hesabları ilə başa çatıb. "Qarabağ" yenə səfər qoluna sevinib.
2013/14 mövsümündə isə bir matç 0:0 hesabı ilə yekunlaşıb, cavab oyununda "Qəbələ" səfərdə qələbə qazanaraq yarımfinala adlayıb - 2:1.
Fanat.Az