"Baku United" futzal üzrə UEFA Kubokunun təsnifat mərhələsində son oyununu keçirib. Fanat.az xəbər verir ki, İngiltərə çempionu son matçda Bosniya və Hersoqovinanın "Sarayeva" klubunu sınağa çəkib.
Hər iki komanda ilk iki oyunda qələbə qazanmış və 6 xalla qrupa başçılıq edirdi. Bu matçın qalibi qrup lideri kimi növbəti mərhələyə çıxacaqdı. "Baku Unidet" vəzifəsinin öhdəsindən gələrək 6:3 hesablı qələbə qazanıb və liderliyi təmin edib. İngiltərə çempionunun heyətində Karlos het-trik, Paulinyo dubl edib, Tobe bir qol vurub.
Qrupun digər oyunu Cəbəllütarikin "Gibraltar Skorpions" və İsveçin "Malmö" klubları qarşılaşıb. Matç 4:4 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Baku United" ilk iki oyunda "Gibraltar Skorpions" və "Malmö"nü 10:0 hesabı ilə yenmişdi.
# | Komanda | O | Q | H/H | M | T/F | X |
1 | Baku United | 3 | 3 | 0 | 0 | 26-3 | 9 |
2 | Sarayeva | 3 | 2 | 0 | 1 | 20-14 | 6 |
3 | G.Skorpions | 3 | 0 | 1 | 0 | 11-24 | 1 |
4 | Malmö | 3 | 0 | 1 | 0 | 5-21 | 1 |
Bununla da "Baku United" ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. Bakının adını daşıyan komanda bu mərhələnin 5-ci qrupunda Serbiyanın "Ekonomac", İtaliyanın "Luparense" və Yunanıstanın "Afina 90" klubları ilə mübarizə aparacaq. Qrupun oyunları 30 sentyabr-5 oktyabr tarixlərində Serbiyada keçiriləcək.
Onu da qeyd edək ki, Azərbaycan çempionu "Araz" UEFA Kubokunda mübarizəyə elit mərhələdən başlayacaq. Təmsilçimizlə yanaşı, İspaniyanın "Barselona", Qazaxıstanın "Kayrat" və Portuqaliyanın "Sportinq" klubları ilk iki mərhələdən azaddı.
Fanat.az