"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sadiq Sadıqov öz növbəsində onun istefasını qəbul edib. "Neftçi" Böyükağa Hacıyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Böyükağa Hacıyev ilk dəfə 2011-ci ildə "Neftçi"nin baş məşqçisi təyin olunub. Həmin dövrdə o, komandanı 2 Azərbaycan çempionu (2011/12, 2012/13) və 1 dəfə ölkə kubokunun sahibi (2012/13) edib, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 2013/14 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsindəki məğlubiyyətdən sonra istefa verən 56 yaşlı mütəxəssis bu ilin əvvəlində Nazim Süleymanovun əvəzinə komandanın başına keçib. "Neftçi" 2013/14 mövsümündə onun rəhbərliyi altında ölkə kubokunu qazanıb və Avropa Liqasına çıxıb. Komanda bu turnirin pley-off mərhələsində "Partizan"a uduzaraq mübarizəni dayandırıb.
Hacıyev əvvəllər "Araz Naxçıvan", "Maşınsazi" (İran), "Traktorsazi" (İran), "Bakı" və "Standard" klublarını çalışdırıb, milli komandamızda məşqçi işləyib.
Fanat.az