UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 2016-cı ildə ilk dəfə olaraq Azərbaycanda 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatı keçiriləcək. Bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək Azərbaycan U-17 yığmasının heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq AFFA tərəfindən yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunmuş və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləmişdilər. Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilib. Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən iyulun 5-dən etibarən Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində düşərgə təşkil olunub. Düşərgədə məşqlərlə yanaşı intellektual oyunlar, əyləncəli tədbirlər keçirlir.
İdman24.az