“Neftçi”nin yollarını ayırdığı çilili futbolçu Nikolas Kanalesin karyerasını Azərbaycan davam etdirməyi üzərində danışıqlar gedir. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının ötən mövsümündə vurduğu 26 qolla ən sərrast oyunçu olan 28 yaşlı hücumçu ölkəmizdə çıxışını sürdürmək istəyir. Azərbaycandakı menecerlər bunun gerçəkləşməyinə təklifləri dəyərləndirməklə çalışırlar.
Düzdür, Nikolasın Azərbaycandan kənarda variantları ilə bağlı əcnəbi menecerlər işləyirlər. Çililiyə təkcə Avropada yox, Asiyada da maraq var. Belə ki, Səudiyyə Ərəbistanından, Dubaydan Kanalesə elçi düşən klublar da mövcuddur. Ancaq hazırda bu ölkələrdə Ramazan ayı ilə əlaqədar transfer çalışmalarında sükunətdir.
Nikolas isə hazırda vətənində olaraq menecerlərdən xəbər gözləyir. Ona debüt mövsümündə özünü yaxşı göstərdiyi ölkəmizdə böyük maraq olduğundan, dönüşü real görünür. Hücumçunun yenidən “Neftçi”nin formasını geyəcəyinə ümid edənlər bunun gerçəkləşəcəyini gözləyir. Ancaq hazırda fakt odur ki, Nikolas nə bakılıların Çempionlar Liqasına hazırlıq məqsədilə Avstriyadakı təlim-məşq toplanışında, nə də UEFA-ya göndərdiyi iştirak ərizəsində yer aldı.
İdman24.az