"Qarabağ"ın futbolçusu Riçard Almeydanın millimizin heyətində Şimali İrlandiyaya qarşı oynayıb-oynamayacağı futbolsevərləri maraqlandıran əsas mövzulardan biridi. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da baş tutacaq matçda oynamaq hüququna malikdi.
Artıq FİFA-nın müvafiq komitəsi AFFA-nın Braziliya əsilli xavbekin millimizdə oynamaqla bağlı müraciətinə baxıb. Ali futbol qurumu məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib.
Assosiasiya rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb. Beləliklə, Robert Prosineçki hazırda Avstriya toplanışında olan Almeydanın xidmətindən Şimali İrlandiya ilə qarşılaşmada yararlana biləcək.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ilin yayından “Qarabağ”dadı.
Fanat.Az