"Neftçi"nin baş məşqçisi Arif Əsədovun Fanat.az-a müsahibəsi.
- İlk olaraq "Neftçi"-"Qarabağ" oyunu haqda fikirləriniz öyrənmək istərdik. Oyuna necə hazırlaşırsınız?
- Maraqlı oyun gözlənilir. Həm "Qarabağ", həm"Neftçi" hər zaman ölkə çempionatında iştirak edən komandalardır. Daim bu kollektivlər arasında maraqlı və gərgin oyun gedib. Düşünürəm ki, bu dəfə də azarkeşlər belə bir oyuna tamaşa edəcəklər. "Qarabağ" çox güclü və layiqli rəqibdir. Yaxşı forma yığıblar. Və formada olduqlarını Avroliqa oyunlarında da göstəriblər. Amma biz bu oyuna 3 xal üçün çıxacağıq. Evdə oynayırıq, buna görə daha məsuliyyətli oynayacağıq.
- Turun mərkəzi görüşünə tam heyətlə hazırlaşa bilirsinizmi?
- Zədəli oyunçularla bağlı bir az problemlərimiz var. Bertuççinin ayağında zədəsi var. Ötən turdan sonra bu ağrılar daha da artıb. Həmçinin Nforun da bəzi problemləri var. Məşqlərə yeni başlayıb. Amma oynayıb-oynamayacağı tam məlum deyil.
- Siz baş məçqçi təyin olunandan sonra "Neftçi" 2 oyunda cəmi bir qol vurub, qapısını isə toxunulmaz saxlayıb. Komandanızın müdafiə futboluna üstünlük verdiyini iddia edənlərlə razılaşırsınızmı?
- Bu anlayışın özü səhvdir. Futbolda müdafiə və ya hücum oyunu anlayışı yoxdur. Futbol bunların hər ikisindən ibarət olan bir oyundur. Biz çalışırıq ki, müdafiəni yaddan çıxartmamaq şərti ilə daha çox qol vuraq. Bütün dünyada bu anlayış qəbul edilib. "Mançestr Siti" kimi komanda 3 top vurur, 5 qol qapısından buraxır. Fikrimcə, komanda hər iki fazada balanslaşdırılmış oynamalıdır. Bundan əvvəl "Neftçi" çox qol buraxırdı. Biz bunun üzərində işlədik. Amma hücumumuzun kəsərini azaltmamaq şərti ilə. Mən baş məşqçi təyin edildikdən sonra iki oyun oynamışıq - "Xəzər Lənkəran" və "Qəbələ" ilə. Birinci oyunda biz 11 nəfərlə bir qol vurmuşduq, lakin sonrakı 60 dəqiqədə azlıqda qalmağımıza baxmayaraq yenə hesabı qoruyub saxlaya bildik. Bu da öncə qeyd etdiyim kimi müdafiə üzərində işləməyimizin nəticəsidir. Əsas nəticə bu oldu ki, biz 3 xalı qazandıq. 4 top da vursaydıq üç xalı qazanacağdıq, bir top da vursaydıq. Bu baxımdan düşünmürəm ki, müdafiə futbolu oynayırıq. Sadəcə, çalışdığımız odur ki, hər iki xətdə yaxşı oyun göstərib, nəticə əldə edək.
- "Qarabağ" Avroliqanın qrup mərhələsində növbəti görüşünü səfərdə İtaliya nəhənglərindən olan "İnter"ə qarşı keçirəcək. Necə düşünürsünüz, ağdamlılar komandanıza qarşı oyunda var gücünü qoyacaq, yoxsa özünü "İnter" ilə oyuna kökləyəcək?
- Bu suala mənim cavab verməyim düzgün olmaz. Məncə siz bu sualı "Qarabağ"ın məşqçisinə versəniz daha yaxşı olar. Necə oynayacaqlarını Qurban Qurbanov müəyyənləşdirəcək. Biz kimin meydançada olmasından asılı olmayaraq, öz oynumuzu oynayıb, üç xal üçün mübarizə aparacağıq.
Fanat.az