Milan “İnter”i və “Qarabağ”ın oktyabrın 2-də Avroliqanın F qrupu çərçivəsində baş tutacaq oyundan öncə keçirəcəyi mətbuat konfranslarının vaxtı və yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, sabah Bakı vaxtı ilə 16.30-da milanlıların çalışdırıcısı Valter Matsarri jurnalistlər önünə çıxacaq.
Mütəxəssis media mənsublarının suallarını klubun bazasında – Ancelo Moratti adına İdman Mərkəzində cavablandıracaq. 2 saat sonra isə “neradzurra” həmin məkanda məşqə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq.
Bakı vaxtı ilə 22.00-da isə Qurban Qurbanov “Cüzeppe Meatsa”da mətbuat nümayəndələrini bir araya gətirəcək. Yarım saat sürəcək konfransdan sonra təmsilçimiz görüşün keçiriləcəyi arenada məşq edəcək. “Qarabağ”ın oyunöncəsi çalışmalarının da ilk 15 dəqiqəsinə baxmaq mümkün olacaq.
Fanat.az