15 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən ənəvi beynəlxalq "Qəbələ Kuboku" 2015-ci ildə baş tutmaya bilər. Fanat.az-ın əldə etdiyi məlumata görə, turnirin keçirilməməsinin səbəbi Bakıda eyni vaxtda baş tutacaq I Avropa oyunlarının təşkil olunmasıdı.
İnformasiyanı klubun media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov da təsdiqləyib: "Ənəvi olaraq təşkil etdiyimiz "Qəbələ Kuboku" gələn il keçirilməyə bilər. Lakin yekun qərar hələ ki, verilməyib. Ölkənin idman ictimaiyyətinin diqqəti iyun ayında bütövlüklə I Avropa oyunlarına yönələcək. Üstəlik turist axını əcnəbi klubların bilet əldə etməsində də problem yarada bilər".
Klub rəsmisi turnirin başqa tarixə keçirlmək variantı barədə də danışıb: "Turnirin iyula keçirilmək versiyası haqda da düşünürük. Ancaq belədə, digər problem ortaya çıxır. Avropada çempionatlar başa çatır, klublar hamısı tətildə olur və belədə, xaricdən komandaların gəlməsi müşkül məsələdi. Hərçənd bunun ətrafında müzakirələr aparılır. Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək".
Fanat.az