Sabah “Neftçi” Avropada növbəti mövsümə start verəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasındakı (ÇL) yeganə təmsilçimiz “Neftçi” mübarizəyə II təsnifat mərhələsindən başlayaraq, Albaniyanın “Skenderbeu” klubunu qonaq edəcək. Bununla da 2 ölkənin komandası qitə miqyaslı turnirdə ilk dəfə üzləşəcək.
“Neftçi” ötən mövsüm Avropada uğurlu çıxışı ilə futbolumuzda tarix yazaraq, diqqət mərkəzində oldu. Düzdür, bu, hazırkı turnirdə yox, Avropa Liqasında oldu. Hər halda, bu da UEFA bayrağı altında yarışdır və onun qrup mərhələsinə düşmək futbolumuzda ilk dəfə idi. ÇL-də Gürcüstan “Zestafoni”sini asanlıqla keçəndən sonra İsrail “Hapoel”inə uduzan çempionumuz mübarizəni Avropa Liqasında davam etdirmək hüququndan maksimum istifadə etdi. Belə ki, ÇL-də 1/4 final mərhələsi iştirakçısı olmuş APOEL üzərində Kiprdə qazanılan zəfər qrup oyunlarında iştirak etmək imkanı yaratdı. Burada “İnter”, “Rubin”, “Partizan”la bir qrupda çıxış edən “Neftçi” mübarizəni Milanda 2:2 hesablı tarixi nəticə, ümumilikdə 2 xalla başa vurdu.
İndi Böyükağa Hacıyevin komandası Albaniya çempionunu keçərsə, yenə ən azı 4 oyunu özü üçün zəmanət edəcək. Ancaq bu, alternativ yoldur və indi əsas hədəf artıq ÇL-də qrupa düşməyə çalışmaqdır. “Neftçi” Korça təmsilçisi ilə ilk oyundan sonra – artıq iyulun 19-da potensial rəqibini biləcək. Yəni III təsnifat mərhələsində də uğurlu çıxışa çalışmaq lazımdır ki, bununla Avropa Liqasının qrupuna vəsiqəni vaxtından əvvəl təmin edəsən. Həmin vaxt ÇL-də son təsnifat mərhələsinin iştirakçısı olmaqla, qrupun bir addımlığında olacaqsan.
Rəqiblər Avstriyada təlim-məşq toplanışı keçərək, yoxlama oyunlarında uğursuz çıxış etdi. Bu, daha çox albaniyalılara aiddir ki, onlar 5 yoxlama oyunda 16 top buraxaraq, yeganə qolunu penaltidən vurdu. “Neftçi” isə rəqibindən fərqli 1 matçda qalib gəldi ki, bu, Almaniyanın aşağı divizion təmsilçisi “Vakker” üzərində 3:0 hesablı qələbə idi. Təbii ki, bu, sadəcə, sınaq matçlarıdır və komandaya əsas qiyməti rəsmi oyunlar verir. Çempionların bir məkanda hazırlıq keçmələrini, bir-birlərinin oyunlarını izləmələrini nəzərə alsaq, güclü tərəflərini gizlətmələri, nəticə ilə qarşı tərəfi arxayınlaşdırmaq niyyətində olmaları mümkündür.
Komandaların mövsümlərarası fasilədə bombardirləri ilə bağlı vəziyyət diqqət çəkdi. Belə ki, “Skenderbeu”nun 12 qolla ən sərrast oyunçusu olan Pero Peyiçi Çin klubuna satdığı açıqlansa da, sonradan xorvatiyalı hücumçu qayıdası oldu. “Neftçi”dən isə 26 qolla təkcə özünün yox, çempionatımızın bombardiri olan Nikolas Kanales birdəfəlik getdi. Çilili hücumçu əvəzinə transfer olunan hollandiyalı həmkarı Melvin Platyenin debütdə, ümumiyyətlə, özünü necə göstərəcəyi böyük maraq doğurur. Hər halda, özbəkistanlı hücumçu Bahodir Nasimov də olsa da, onun ötən mövsümü zədə üzündən boşa verdiyini nəzərə alsaq, əsas qol ümidi Hollandiyanın “Neymegen” klubundan gələn hücumçuyadır. “Neftçi” oyun qurucusu mövqeyinə gətirdiyi kamerunlu Ernest Nforu da ilk oyuna kimi sifariş etməyə çalışacaq.
Qeyd edək ki, ilk dəfə avrokubok oyununun keçiriləcəyi 8-ci km qəsəbə stadionundakı matç saat 21:00-da başlayacaq.
İdman24.az