Topaz Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də Bakıda “Qarabağ”la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, AZAL-la oktyabrın 9-da keçirilən yoxlama oyunundan sonra 1 günlük istirahət edən komanda ardından bərpa etdiyi hazırlıqlarının Qəbələ mərhələsini başa vurub.
Zədə səbəbindən bir müddət hazırlıqlardan kənar qalan Dodo da bu çalışmalarda iştirak edib. Fərdi proqramla çalışan Volodimir Levin isə komanda ilə məşq keçmir.
Dünən doğma stadionda son məşqinə çıxan komanda bu gün səhər saatlarında paytaxta yola düşüb. Dorinel Muntyanunun yetirmələrinin oyun öncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Milli komandaların düşərgələrindən qayıdan futbolçular da məhz həmin məşqdə komandaya qoşulacaq. Yığmaya yollanan, amma zədə üzündən İtaliya və Xorvatiya ilə matçlarda iştirak edə bilməyən Ruslan Abışovla Ruslan Əmircanov da Bakıdakı məşqdə komandaya qoşulacaq.
Fanat.az