- Salam, Valeri!
- Salam! Yenə başıbəlalı müsahibə? Özünüzü elə aparırsınız ki, guya heç xəbəriniz yox idi həmin qarşılaşmadan.
- Axı dediklərin rəsmi ittihamdı. Səni məhkəməyə cəlb etsələr, necə sübut edəcəksən həmin hadisəni?
- Etməyəcəklər.
- Niyə belə arxayınsan?
- Oyunun videoyazısı var. UEFA-da oturanlar "hərif" deyillər. İndiyə qədər Azərbaycanda belə bir hadisə eşitmisiniz ki, 2 top fərqi ilə uduzan komanda öz gücünə 3:2 qalib gəlsin? Özü də səfərdə! Həm də dərinə getsələr, axı gərək "Neftçi"ni Premyer Liqadan uzaqlaşdıralar. Yox, heç inanmıram ki, bu məsələnin dərinliyinə baş vursunlar. Vursalar da, öz vəziyyətləri qəlizləşəcək.
- Ölkəmizdə bu cür hadisələrə çox rast gəlmisən?
- Deyəsən başıma ip keçirmək istəyirsiniz. Alınmayacaq. Mən ancaq bildiyim, gördüyüm şeydən danışmışam.
- Ölkəmizdə belə bir praktika var: müsahibə verən şəxs vəziyyətin tündləşdiyini gördükdə, deyir ki, bu, jurnalist uydurmasıdı. Səndən də analoji açıqlama gözləyək?
- Axı nə olub ki, özünüzə əl qatmısınız? Beş il əvvəl bir qotur oyun vermişik də. Özü də havayı. Baş məşqçimizi pərişan etməli idik? Axı biz kişiyik və kişi kimi dostluğumuzu məhz ağır vəziyyətdə nümayiş etdirməli idik.
- Bəs tovuzlular necə?
- Başa düşürəm. Ancaq biz baş məşqçi, rəhbərliklə çörək yeyirdik, tovuzlularla yox. Əlbəttə, onların söyüşləri xoş deyildi.
- Peşman deyilsən?
- Nə deyim axı? Mən legioner idim. Bax, deyirsiniz tovuzlular. Eləyə qalanda tovuzlu futbolçular ayağa qalxmalı idilər ki, biz oyunu vermirik. Artıq-əskik danışsaydım, çemodanlarımı vurub qoltuğuma göndərəcəkdilər evə. Oyun isə onsuz da veriləcəkdi.
- Bəs müsahibədə dediklərinə görə necə, peşmançılıq keçirmirsən?
- Təəssüflənirəm. Açığı, gözləmirdim bu cür əks-səda doğuracağını.
- Yenidən Azərbaycanda oynamaq istəyərsən?
- Həmin müsahibədən sonra Azərbaycanın həndəvərinə belə məni buraxmazlar. Sizin "Qafqaz qanunları"ndan xəbərim var.
Fanat.az