Topaz Premyer Liqasının X turunda AZAL-la 2:2 hesablı heç-heçə edən "Simurq" sabah növbəti səfərə çıxır. Fanat.az xəbər verir ki, noyabrın 2-də "Xəzər Lənkəran"ın qonağı olacaq komanda məşqlərə ara vermədən start verib.
Yolun uzunluğunu nəzərə alan məşqçilər korpusu komandanı görüşə paytaxtda hazırlayıb. Dünən "İnter Arena"da çalışmaları davam etdirən Zaqatala təmsilçisi bu gün Bədən Tərbiyəsi və İdman Akademiyyasının meydançasında məşqə çıxıb.
Hazırlıqda zədəli Banas Adam və Murad Səttarlı komandadan ayrı məşq edib. AZAL-la oyunöncəsi məşqdə ayağında ağrılar hiss edən və bu səbəbdən görüşdə forma geyinməyən Vüqar Mustafayev isə artıq çalışmalara qoşulub. Onun Lənkəran təmsilçisinə qarşı oynayıb-oynamayacağı son həkim rəyindən sonra bilinəcək.
"Simurq" sabah səhər saatlarında Lənkərana yola düşəcək. Son məşqini isə qarşılaşmanın oynanılacağı meydançada edəcək. Bundan sonra Georgi Çixradzenin yetirmələri istirahətə çəkiləcək və oyunun başlama saatını gözləyəcək.
Fanat.az