Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsümünə start veriləcək. Fanat.az xəbər verir ki, hələlik çempionatda 5 komandanın iştirakı təsdiqlənib.
Belə ki, son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə”, onların əzəli rəqibləri “Azəryol”, “Lokomotiv”, “Azərreyl” və “Telekom” medallar uğrunda yarışa qoşulacaq. Amma çempionatımızda 6-cı klubun da olacağı istisna deyil. Hələlik “Turan” kimi təqdim olunan komandaya gənclərin cəlb olunacağı və elə gənc çalışdırıcı Fərid Cəlalovun rəhbərlik edəcəyi bildirilir. Bu komanda bir müddət əvvəl dağılan "İqtisadçı"nı əvəzləməlidi.
2014/15 mövsümündə komandalar digər liqalarda olduğu kimi ev-səfər prinsipi ilə oynayacaq. Bu səbəbdən də sabah start götürəcək ilk tura Azərbaycan çempionu “Rabitə” ev sahibliyi edəcək və “Azərreyl”i sınağa çəkəcək. Noyabrın 2-də isə “Azəryol”lə “Lokomotiv” qarşılaşacaq. 6-cı komandanın iştirakı dəqiqləşmədiyindən “Telekom” çox güman ki, I turda istirahət edəcək.
Qeyd edək ki, bu il çempionatı maraqlı edən məqamlardan biri də hər komandanın sifariş ərizəsində ən azı 3 yerli voleybolçu sifariş etməsi, onlardan ən azı birinin görüş zamanı meydançaya buraxacağı ilə bağlı qərardı. Reqlamentdə isə dəyişiklik yoxdu. 4 dövrə oynayacaq komandalar çempionluq savaşını pley-off, yarımfinal və finalda davam etdirəcəklər.
Super Liqa
2014/15 mövsümü
I dövrə, I tur
1 noyabr
17.00 Rabitə - Azərreyl
“Gənclik” Olimpiya İdman Kompleksi.
2 noyabr
18.00 Azəryol - Lokomotiv
Voleybol Mərkəzi.
Fanat.az