“Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edirəm. Yaxşı komandaya qarşı oynadıq. Derbi görüşdə qələbə qazanmaq xoş idi”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mövsümün açılış matçında “Neftçi”nin qonağı olan Ağdam klubu 3:1 hesablı zəfərə sevinib.
Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “ Komandamdan narazılığım yoxdu. Futbolçuların hər birindən razı qaldım. “Kopenhagen”lə oyuna hazırlaşacağıq”.
- Zədələnən Kintananın durumu necədi?
- Durumun necə olduğu sabah dəqiqləşəcək. Həmin ayağından zədələndi. Amma əməliyyat olunan yer deyil. Özü də elə hiss edir. Ayağının bir qədər arxa tərəfindən zədə aldı. Ağrı olduğu üçün oyunu davam etdirə bilmədi.
- Görüşü “Kopenhagen”in məşqçisi tribunadan izləyirdi. Rəqibdən oyun planında nə isə gizlətdinizmi?
- Gizlədəsi bir şey yoxdu. Hələ hədəflədiyimiz formada deyilik. Oyunun İkinci hissəsində top itkilərimiz çox oldu. Bütün oyunlarımıza baxırlar. “Kopenhagen”lə Bakıdakı matçda kiçik dəyişikliklər görəcəksiz. Rəqib fərqli üslubda oynayır. Qarşıdakı günlərdə hazırlığımızı buna uyğun qurmalıyıq.
- Rəşad Sadıqov “Kopenhagen”lə birinci duelə hazır olacaq?
- Hazır olmaq ehtimalı çoxdu. Onun kimi, Miçel və Almeydanın da həmin görüşə hazır olacağını gözləyirik.
Fanat.Az