"Qarabağ" Topaz Premyer Liqasının III turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matç haqda fikirlərini səsləndirib.
Təcrübəli mütəxəssis qələbəyə belə şərh verib: "Futbolçularımı təbrik edirəm. Ağır oyun idi. Futbolçularımın durumuna görə uduza da bilərdik. Onlar nə qədər yorğun olsalar da, mübarizə apardılar. Bir neçə epizodda rəqibə şans verdik. "Qəbələ"də qalib gələ bilərdi. Biz şansları daha yaxşı dəyərləndirdik. Transferlərlə bağlı suallar da bizi yorub. Bizə yeni futbolçular lazımdı. Ona görə yox ki, heyətimiz zəifdi.
Zədəlilərimiz var və istəyirəm ki, heyət geniş olsun. Belədə fərqli variantlar sınaya bilərik. Heç cür arxayınlaşmalı deyilik. Yorğunçuluq çox olacaq. Belədə xal itkiləri qaçılmazdı. Futbolçularım bunu bilməli və istirahətə daha çox vaxt ayırmalıdılar. Millilərin düşərgəsinə yollanan futbolçulara görə narahatam. Sıx qrafiklə oynayacağıq. Onlara istirahət imkanı az olacaq. Təkcə "Zirə" və "Qəbələ" yox, digərləri də mükafatlar uğrunda yarışır. Hər oyun çətindi".
Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Olimpiya stadionunda keçirməklə bağlı suala isə belə cavab verib: "Olimpiya Stadionunda oynamağımıza gəlincə, bunu hərtərəfli müzakirə etməliyik. Məni düzgün başa düşün. İki ildi burda oynayırıq, amma bura belə Respublika stadionu qədər uyğunlaşa bilməmişik. Tofiq Bəhramov adına arenada bizə daha rahatdı. Çempionlar Liqasında hədəflərdən danışmazdan əvvəl bu turnirin bizim üçün böyük uğur və təcrübə olduğunu deməliyik. Vəd vermək istəmirəm. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Prezidentin bizi qəbul etməsi böyük motivasiya və məsuliyyət oldu. Biz hiss etdik ki, futbolu izləyir və oyunlarımızdan xəbərdardı".
Fanat.Az