Azərbaycan Çempionatının 1-ci divizionunda iştirak edəcək komandaların siyahısı bəllidi. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, aşağı liqada 10 komanda mübarizə aparacaq.
Sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.
Bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla I divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər”in də I divizionda iştirakına icazə verilib.
Sonuncu iki komanda ilə yanaşı, əlavə vaxt alan 6 klub isə yarışa buraxılmayıb. Bunlar “Bakılı”, “Şahdağ-Qusar”, “Göyəzən”, “Göyçə”, “Karvan” və “Energetik”di.
Qeyd edək ki, I divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.
Fanat.Az