“2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq”. Fanat.Az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına açıqlamasında verib.
O bildirib ki, bütün lazımi sənədlər qitə futbol qurumuna təqdim olunub: “Prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımi qaydada hazırlanaraq, UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub. Bu gün UEFA-da Yüksək İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik”.
Məmmədov əlavə edib ki, sabah Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq: “Buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.
Fanat.Az