Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə Albaniya “Skenderbeu”suna məğlub (1:0) olub, turnirlə vidalaşan “Neftçi” bu klubun futbolçusuna göz dikib. Apasport.az saytının məlumatına görə, bakılılar matçın 116-cı dəqiqəsində oyunda vurulan yeganə qolun müəllifi olan nigeriyalı yarımmüdafiəçi Nureddin Orelesini heyətində görmək istəyirlər.
“Panorama-sport” iddia edir ki, Albaniyada keçirilən qarşılaşmadan dərhal sonra “Neftçi” nümayəndələri Orelesi ilə görüşüb, futbolçuya onu transfer etmək istədiyini bildiriblər.
“Ağ-qaralar” Nureddinin keçidini həll etmək üçün artıq ilkin mərhələni başa vurublar. “Skenderbeu” rəhbərliyi də 24 yaşlı oyunçunun “Neftçi”yə getməsinə mane olmayacaq və Orelesi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulacaq və o, Azərbaycan çempionlarına pulsuz başa gələcək. Lakin hər şey Albaniya klubunun rəhbərliyindən asılıdır.
Qeyd edək ki, daha əvvəl Ukrayna “Krivbass”ı Orelesini transfer etmək istəsə də, albanlar onu satmayıb.
İdman24.az